Ötən əsrin doxsanıncı illərində Azərbaycanda yaranmış hakimiyyət böhranından istifadə edən erməni faşistləri arxalandığı böyük güclərin köməyi hesabına torpaqlarımızı işğal etdilər. 30 illik işğaldan sonra 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz torpaqlarımızı işğaldan azad etdi. Baxmayaraq ki, torpaqlarımız 30 ilə yaxın bir müddətdə erməni işğalında qalıb, həmin ərazilərdə ermənilər tərəfindən nəin ki, hansı isə quruculuq işləri görülmüşdür, əksinə, vaxtilə Azərbaycan dövləti və əhalisi tərəfindən qurulub yaradılmış şəhər və kəndlər, bütün infrastruktur tamamilə dağıdılaraq talan edilmişdir. Bütün bunlar onu göstərir ki, hətta ermənilərin özləri belə, bu torpaqların əsil sahiblərinin kimlər olduğunu anlayaraq bu cür vəhşiliklərə yol vermişlər. Azərbaycan isə mənfur ermənilərdən fərqli olaraq Ermənistanın kapitulyasiyasından dərhal sonra işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə başladı. Çünki, ermənilərin uydurma ərazi iddialarından fərqli olaraq, Azərbaycan bu torpaqların əsil sahi idi. Vətən müharibəsində qalib gəldikdən sonra ölkəmiz Böyük Qayıdış üçün əməli fəaliyyətə başladı. Qısa zaman kəsiyində infrastrukturun bərpasına başlanıldı. Suqovuşanda, Laçında elektrik yarımstansiyaları tikilib istifadəyə verildi. 10 ay müddətinə Füzuli beynəlxalq hava limanı istifadəyə verildi, Zəngilan hava limanının tikintisinə başlanıldı, eyni zamanda Laçın beynəlxalq hava limanının layihəsi işlənilib hazırlandı. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ən böyük layihələrdən biri də Murov dağının altından keçəcək, uzunluğu 12 kilometr olan Toğanalı - Kəlbəcər tunelinin tikintisinə başlanılması idi. Hal - hazırda bu tuneldə işlər sürətlə davam etdirilir. Laçın hava limanının tikintisinə başlanılıb və artıq 2024 - cü ildə istifadəyə verilməsi planlaşdırılır. İşğaldan azad edilmiş Azərbaycan ərazilərində həyata keçirilən layihələrin, görülən işlərin miqyası o qədər böyükdür ki, saymaqla qurtarmır. Azərbaycan hökuməti tərəfindən çoxşaxəli, geniş Böyük Qayıdış proqramı işlənilib hazırlanmışdır. Bu proqramın işlənilib hazırlanmasında və hal - hazırda həyata keçirilməsində Vətən müharibəsi zamanında olduğu kimi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin gərgin əməyini mütləq qeyd etmək lazımdır. Ölkə Başçısı istər Vətən müharibəsi dövründə, istərsə də indiki quruculuq işlərində böyük siyasi iradə nümayiş etdirərək Azərbaycanın haqq yolunda olduğunu, sülhsevər dövlət olduğunu dünya ictimaiyyəti qarşısında canlandırdı. Böyük Qayıdış planına uyğun olaraq indi infrastruktur layihələri ilə bərabər yaşayış məntəqələrinin salınması da həyata keçirilməkdədir. Artıq Zəngilan rayonunun Ağalı kəndində 200 ailəlik qəsəbə salınmış və öz sahiblərini qəbul etmişdir. Ağalı kəndi artıq Böyük Qayıdışın simvoluna çevrilmişdir. Laçın şəhərindən yan keçən yolun istifadəyə verilməsi ilə əlaqədar orada da Laçın şəhəri və Zabux kəndində də evlərin bərpasına başlanılmış və yaxın gələcəkdə yerli əhalinin həmin yaşayış məntəqələrinə qayıdışı həyata keçiriləcəkdir. Laçın rayonunun digər yaşayış məntəqələrinin də baş planları hazırdır və yaxın zamanda onların da tikintisinə başlanılacaqdır. Bu gün Ağdamda 100 min nəfərlik möhtəşəm Ağdam şəhərinin tikintisi gedir. Ağdamın kəndlərinin də baş planları hazırdır. Bu gün Şuşa şəhərinə bərpa işləri gedir. Bu gün Füzuli şəhəri və kəndlərinin, Cəbrayılın, Zəngilanın, Qubadlının baş planları artıq hazırdır. Kəlbəcərdə çox ciddi işlər görülür. Göründüyü kimi işğaldan azad edilmiş ərazilərimizdə Böyük Qayıdış üçün çox böyük quruculuq işləri görülür. Əlbəttə, bütün bunlar təbiidir. Çünki, bu ərazilərin əsil sahibləri Azərbaycan xalqı olaraq bizlərik. Həmin ərazilərdə görülən hər bir iş, daş üstünə qoyulan hər bir daş ermənilərin əsassız iddialarının üzərindən çalın - çarpaz bir xətt çəkir. İndi bu yerlərdə aparılan quruculuq işləri buralardan yad nəfəsləri də uzaqlaşdırır. Artıq bu yerlər öz sahiblərinə qovuşacağı günləri gözləyir. O günlər isə çox - çox yaxındadır. Yaşasın Azərbaycan xalqı! Yaşasın bütöv Azərbaycan! Eldəniz Məhərrəmov, Xocalı şəhər 3 saylı tam orta məktəbin direktoru